Qətər ilə türk dünyası arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub

Dohada səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyevanın Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının prezidenti Həməd bin Əbdüləziz Əl-Kuvari ilə görüşündə dost ölkənin Azərbaycanla, həmçinin bütün türk dünyası ilə mədəni əlaqələrinin perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, G.Əfəndiyeva rəhbərlik etdiyi Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə tarixi abidələrin, mədəni irs nümunələrinin bərpasından bəhs edib.

Qətərli nazir türk dövlətləri ilə mədəni əməkdaşlıq kontekstində Qətər Milli Kitabxanası ilə sıx əlaqələrin qurulmasının zəruriliyini qeyd edib, bu sahədə birgə layihələrin həyata keçilə biləcəyini bildirib.

Görüşdən sonra Qətər Milli Kitabxanasındakı qiymətli eksponatlarla tanışlıq olub.