Putin Makronun Azərbaycan-Ermənistan münasibətləri barədə dediklərinə cavab verib: “Bəyanatı qəbuledilməzdir”

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı mövqeyi ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində bildirib.

V.Putin E.Makronu Azərbaycan-Ermənistan münasibətlərindəki problemləri başa düşməməkdə, tərəflərin mövqeləri haqqında məlumatı olmamaqda ittiham edərək deyib: “Buna görə də onun açıqlaması (Fransa Prezidentinin bəyanatı – red.) yanlış səsləndi, hətta mən təhrif deyərdim. Ona görə də qəbuledilməzdir”.

Rusiya liderinin sözlərinə görə, Fransa Prezidenti ilə məsələni müzakirə etməyə imkanı olacaq.

V.Putin vurğulayıb ki, Rusiya istənilən münaqişəni səmimi şəkildə həll etməyə çalışıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Cənubi Qafqazda pozuculuq fəaliyyətində, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əməli addım atmamaqda ittiham etmişdi.