Prokuror ərini öldürən qadına cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.