Zaman bəzən bir hadisə ilə yadda qalır, tarixləşir.
Millət, xalq üçün çox böyük işlər görənləri yaşayarkən yaşatdıqları tarixlə qovuşdurur, özləri buna şahidlik edirlər. Millət seçilmişləri ilə tanınır. Seçilmişlərin iştirak etdikləri, iştirakçısı olduqları hadisə, tədbir yaddaşlarda iz qoyur. Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ABŞ-ın Corciya Dövlət, Almaniyanın Zigen, Şimali Kiprin Yaxın Doğu, İranın Təbriz universitetlərinin professoru, MBA və BBA proqram direktoru, əsərləri dünyanın aparıcı universitetlərində dərs vəsaiti kimi tədris olunan, “Zadə İrsi və Süni İntellekt” Assosiasiyasının prezidenti, dünyanın məşhur nəşriyyatlarında ingilis, alman, rus, türk, özbək, azərbaycan və başqa dillərdə çap olunan 90 kitabın müəllifi, 200 texnika üzrə fəlsəfə doktoru, 32 elmlər doktoru yetişdirən professor Rafiq Əliyevə məxsus elmi materiallar və şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edildi.
Bu əzəmətli, tarixi məkan, bəlkə də, son dövrün ən maraqlı, yadda qalan görüşünə hazırlaşırdı. Muzey milli köklərə bağlı dünya şöhrətli alimin material və əşyaları ilə özünü zənginləşdirirdi.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı dahi alim Rafiq Əliyevin elmi irsinin Azərbaycan elminin qızıl səhifələrindən biri olduğunu qeyd edərək muzeyə təqdim edilən dəyərli materialların gələcək nəsillər üçün mühüm elmi, mədəni əhəmiyyət daşıdığını bildirdi və təqdim olunan materialların yaxın vaxtlarda muzeyin ekspozisiyasında nümayiş etdiriləcəyini bildirdi.
Sonra muzeyin baş mühafizi, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, xalq şairi Ramiz Rövşən, şair Rəfail Tağızadə, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Neft və Sənaye Universitetinin professoru Lətafət Qardaşova, A.Zeynallı adına Musiqi Kollecinin direktoru, professor Nazım Kazımov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Əli Əmirli, Azərbaycan Dillər Universitetinin dosenti Fəridə Hüseynova, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, şair Kəmalə Abıyeva, yazıçı İlqar Əlifoğlu, hərbi həkim Azər Qasımov və digər qonaqlar çıxış edərək Rafiq Əliyevin həm elm, həm də mədəniyyət sahəsində Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etdiyini diqqətə çatdırdılar.
Tədbir iştirakçıları professor Rafiq Əliyevin elmi fəaliyyətini, onun dünya elminə – qeyri-səlis məntiq və süni intellekt sahəsinə – verdiyi böyük töhfələri yüksək qiymətləndirərək ona Lütfi Zadənin: ”Sən elmdə yeni cığır açdın. Mütləq Nobel Mükafatı alacaqsan” fikrinın reallaşmasını dilədilər.
Tədbirin bədii hissəsində Əməkdar artist, xanəndə Sevinc Sarıyeva, II Televiziya Muğam müsabiqəsinin qalibi, Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi Güllü Muradova, kamança ifaçısı Mahir Quliyev, tarzən – muğam bilicisi və tədqiqatçı Mehman Mikayılov müxtəlif musiqi nömrələri ifa etdilər.
Sonda professor Rafiq Əliyev çıxış edərək onun elmi irsinin qorunmasına göstərilən diqqət və dəstəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya və muzeyin kollektivinə dərin minnətdarlığını bildirdi.
Beləliklə, yaşanan və yaddaşlara həkk olunan bir Rafiq Əliyev Günü də tarix oldu.
R.Tağızadə
























































