Parisdə “Bakı Ekspo 2025” layihəsinin təqdimatı olub

Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 164-cü sessiyası çərçivəsində “Bakı Ekspo 2025” layihəsinin yekun təqdimatı olub.

Trend-in məlumatına görə, təqdimat Bakı sakini Vəfa Musayeva tərəfindən təşkil olunub.

O qeyd edib ki, Azərbaycan paytaxtının namizədliyi qəbul olunsa, “Bakı Ekspo 2025” Beynəlxalq Sərgilər Bürosunun Cənubi Qafqaz regionunda təşkil ediləcək ilk Ümumdünya Sərgisi olacaq: “Bu, irimiqyaslı beynəlxalq tədbirlər təşkil etmək təcrübəsinə malik inkişaf etməkdə olan, gənc müstəqil ölkədə ilk “Ekspo” sərgisi olacaq”.

V.Musayeva bildirib ki, “Bakı Ekspo 2025”-in mövzusu “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” adlanır: “Bu mövzu yeni təcrübə və biliklərin inkişafı üçün imkanlar açır. “Bakı Ekspo 2025″-in parkı üçün dəmir yolu, avtomobil, hava və dəniz kommunikasiyalarına əla çıxışı olan, dövlətə məxsus ideal ərazi ayrılıb”.

O vurğulayıb ki, “Bakı Ekspo 2025” şəhər, ölkə və regionun simasının dəyişməsini sürətləndirəcək, ölkə və region, həmçinin bütün ölkələrin, Beynəlxalq Sərgilər Bürosunun bütün üzvlərinin iqtisadi inkişafını təmin edəcək:

“Bakı Ekspo 2025” gözəl yaşıl vahə miras qoyacaq. Bu sizin gənc, inkişaf etməkdə olan ölkənin yüksələn səsini eşitmək, onun qlobal debatlar baxımından unikal əhəmiyyətini tanımaq şansınızdır. Biz hamı ilə işləmək istəyirik. “Bakı Ekspo 2025″ beynəlxalq komanda tərəfindən təşkil ediləcək və həqiqətən də qlobal tədbir olacaq”.

Qeyd edək ki, bu gün Beynəlxalq Sərgilər Bürosu “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcək. Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri də namizəddir.

Qalib gizli səsvermə yolu ilə seçiləcək. Beynəlxalq Sərgilər Bürosunun reqlamentinə əsasən, səslərin 2/3-si və daha çoxunu qazanan şəhər qalib olacaq. Əgər birinci turda namizədlərdən heç biri seçilməsə, ən çox səs toplayan iki şəhər ikinci – həlledici raunda keçəcək.

18 il ərzində BSB-nin 6 “Ekspo” sərgisində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə 3 mükafat qazanmış Azərbaycan Ekspo Hərəkatına güclü bağlılıq nümayiş etdirir.

Əgər səsvermədə Bakı qalib gəlsə, “Ekspo 2025” Ümumdünya Sərgisi paytaxtımızda 10 may – 10 noyabr 2025-ci il tarixində, 6 ay ərzində keçiriləcək. Bu, BSB-nin regionda təşkil ediləcək ilk Ümumdünya Sərgisi olacaq.

Xatırladaq ki, “Ekspo” 170-dən çox ölkənin iştirakı ilə 5 ildən bir təşkil edilən ən böyük beynəlxalq sərgidir. Sərgidə ölkələrin elm, texnika, memarlıq və incəsənət sahələrində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.

Qeyd edək ki, “Ekspo 2020” sərgisi Dubayda keçiriləcək.

Əvvəlkiİmzalanmış sənədlər Azərbaycan Prezidentinin Türkmənistana səfərinin praktiki əhəmiyyətini aydın göstərir
NövbətiÇin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır