Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi ilbəil artır

Özbəkistan nəinki Türkiyəni, hətta bütün ölkələri geridə qoyaraq Azərbaycanla ticarət dövriyyəsinin son 6 illik artım dinamikasında lider mövqeyə yüksəlib.

Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, Azərbaycanın ticarət apardığı 240-dan çox ölkədən təxminən 100–nün (2022-ci ildə 97 ölkə olub) illik dövriyyəsi 1 milyon dollardan çoxdur. Özbəkistan məhz bu 100 ölkə arasında son 6 ildə Azərbaycanla ticarət dövriyyəsini 1200 faiz artırıb. 2016-cı ildə 15,3 milyon dollarlıq dövriyyə ötən il 183,3 milyon dolları ötüb: “Azərbaycan-Özbəkistan biznes forumunda energetika nazirləri arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair imzalanan Yol Xəritəsi ölkələr arasında iqtisadi münasibətləri yeni mərhələyə keçdiyindən xəbər verir. Çünki biznes-forumda ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair aparılan müzakirələr və imzalanan sənədlər, eyni zamanda, energetika nazirinin imzaladığı 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlıq ölkələr arasında ciddi perspektivdən xəbər verir. Bu proseslərin kağız üzərindən reallığa çevrilməsi isə işin çətin və məsuliyyətli tərəfidir”.

Ekspert qeyd edib ki, istər biznes forumdan, istərsə də imzalanan yol xəritəsindən gözləntilərin gercəkləşməsi üçün aidiyyətı qurum rəhbərləri ilə yanaşı, həmin qurumlarda çalışan əməkdaşlar da daxil olmaqla bu proseslərlə əlaqəli olan bütün subyektlərdən gərgin əmək və zəhmət tələb edir. Çünki böyük işlər üçün böyük zəhmət və davamlı əmək mütləqdir.

ƏvvəlkiAzərbaycan humanizm tətbiq edərək Laçında saxlanılan erməni futbolçuların cinayət təqibinə xitam verib
NövbətiAvropada qaz ticarətin nəticələrinə əsasən bahalaşıb