Özbəkistanın tekstil sənayesi ilə əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə Özbəkistanın Tekstil və Tikiş Sənayesi Müəssisələri Assosiasiyası (Uztekstilprom) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi AFRA İdarə Heyətinin sədri Fərid Novruzi və “Uztekstilprom” sədrinin birinci müavini Mirmuhsin Sultanov imzalayıblar. Memorandum iki təşkilat arasında məlumat mübadiləsi, tekstil sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, AFRA İdarə Heyətinin sədri Fərid Novruzi “Uztekstilprom” sədrinin birinci müavini Mirmuhsin Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün əsas məqsədi Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının xarici əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də ölkəmizə idxal olunan geyim mallarının qiymət siyasətinin yumşaldılması üçün yolların araşdırılmasından ibarətdir.

Özbəkistan nümayəndə heyəti Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası üzvlərinə öz ərazisində istehsal sahələrinin müştərək istifadəsi imkanlarını nəzərdən keçirməyi təklif edib.

ƏvvəlkiBakıda zibillikdən tapılan körpənin vəziyyəti açıqlanıb
NövbətiTBMM nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib