Özbəkistanın “Dunyo Boylab” telekanalında Azərbaycana dair veriliş nümayiş olunub

Özbəkistanın “Dunyo Boylab” telekanalında tanınmış jurnalist, mədəniyyət və turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillinanın Azərbaycana səfəri zamanı hazırladığı veriliş nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycanın mədəniyyəti, tarixi, Bakı şəhərinin inkişafı, İçərişəhər, dənizkənarı bulvar və s. barədə geniş məlumat verib.

Bildirilib ki, mediaturun əsas məqsədi Azərbaycan həqiqətləri, ölkəmizin əldə etdiyi nailiyyətlər, habelə tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız haqqında Özbəkistan auditoriyasını ətraflı məlumatlandırmaqdır. Mediaturda iştirak edən özbək jurnalistlər Bakıdan başqa, respublikamızın digər regionlarında, o cümlədən İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Göygöl, Naftalan şəhərlərində görüşlər keçirib, çəkilişlər aparıb, bu bölgələrin tarixi, mədəniyyəti, turizm imkanları barədə reportajlar hazırlayıblar.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Dunyo Boylab” telekanalında bu istiqamətdə artıq 6 veriliş nümayiş olunub və silsilə verilişlər davam edir.

Qeyd edək ki, mediatur cari il iyunun 31-dən iyulun 7-dək Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, ölkəmizin Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin və “AZAL”-ın dəstəyi ilə həyata keçirilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd