Ötən ay SOCAR Ukraynaya 2,3 min ton bitum ixrac edib

Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 2,3 min ton bitum ixrac edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.

Məlumata görə, bütün həcmlərin tədarükü “Kantarell Ukrayna” şirkəti tərəfindən dəniz yolu ilə həyata keçilirilib.

Bildirilir ki, ümumilikdə bu ilin mart ayında Ukraynaya 24,9 min ton bitum idxal edilib. Bu, 2020-ci ilin mart ayının göstəricilərindən təxminən 4 dəfə çoxdur. Qeyd edək ki, ötən ilin martında Ukrayna 6,4 min ton bitum idxal edib.

Ölkəyə idxal edilən bitumun böyük hissəsi Belarusdan əldə edilib. Belə ki, ötən ay Belarusdan Ukraynaya 13,4 min ton məhsul idxal edilib ki, bu da ümumi idxalda 55 % paya bərabərdir. Bu həcmlərin 9 min tonu avtomobil nəqliyyatı, 4,5 min tonu isə dəmir yolları vasitəsilə ölkəyə gətirlib.

Qeyd edək ki, təkcə “Kantarell Ukrayna” şirkəti mart ayında Ukraynaya ümumilikdə 5,2 min ton bitum idxal edib.

Ötən ay Polşadan Ukraynaya 3 min ton bitum tədarük edilib ki, bu da 2020-ci ilin mart ayının göstəricilərindən iki dəfədən çox azdır. 2020-ci ildə bu göstərici isə 6,3 min ton təşkil edib.

Xatırladaq ki, 2020-ci il ərzində ümumilkdə Ukrayna bazarına rekord həcmdə – 1 mln 188,4 min ton bitum idxal edilib. Bu da illik müqayisədə 84,6 min artıma bərabərdir. Ötən il ərzində isə Ukraynada neft emalı zavodlarında bitum istehsalı 50,3 % artaraq 329,7 min ton təşkil edib.