OPEC Baş katibinin səlahiyyət müddəti 2021-ci ilədək uzadılıb

OPEC-in Baş katibi Məhəmməd Barkindonun səlahiyyət müddəti 2021-ci ilədək uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar OPEC-in Vyanada keçirilən 176-cı iclasında qəbul edilib. OPEC Nazirlər Konfransının prezidenti, Venesuelanın neft naziri Manuel Kevedo Baş katibin səlahiyyət müddətinin daha üç il uzadılmasından məmnunluq ifadə edib.

Qeyd edək ki, Məhəmməd Barkindo OPEC-in Baş katibi vəzifəsinə 2016-cı ilin may ayında seçilib. Onun səlahiyyət dövrü OPEC-in neft bazarları ilə bağlı mühüm qərarların qəbulu, eləcə də qeyri-OPEC ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi və bu əməkdaşlığın “OPEC+” formatında inkişafı ilə yadda qalır.

Nigeriyanı uzun illər OPEC-də təmsil edən Məhəmməd Barkindo baş katibliyi dövründə təşkilatdaxili əməkdaşlığın möhkəmlənməsində də mühüm rol oynayıb.