Ombudsman Aparatında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Çıxış zamanı S.Əliyeva müstəqil Azərbaycanın memarı Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun tarixinin önəmindən söz açıb.

Ombudsman bildirib ki, xalqın tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtması müstəqil Azərbaycanın tarixində böyük rol oynadı. S.Əliyeva bu tarixi addım nəticəsində ölkəmizdə sabitliyin bərqərar olunduğunu, Heydər Əliyevin uzaqgörənliyi və siyasi səriştəsi nəticəsində ölkəmizin parçalanma təhlükəsindən xilas olunduğunu qeyd edib.

Ombudsman 1993-cü ildən etibarən yeni inkişaf yoluna qədəm qoyan Azərbaycanda bu gün müstəqil dövlətçilik ənənələrinin uğurla qorunub saxlandığını və inkişaf etdirildiyini vurğulayıb. Artıq regionda ölkəmizin güc mərkəzinə çevrildiyi və Azərbaycanın bugünkü nailiyyətlərində, qalib ölkə kimi hərtərəfli inkişafında məhz Ulu Öndərin siyasi ideyalarının davam etdirilməsinin dayandığı qeyd olunub.

Heydər Əliyevin hakimiyyəti illərində milli dövlətçilik və təhlükəsizliyin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi inkişafı, normativ hüquqi bazanın təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir çox islahatların əsasının qoyulduğu, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyi qeyd olunub.

S.Əliyeva çıxışında Ulu Öndərin insan hüquqlarının təmininə göstərdiyi diqqət, onun təşəbbüsü ilə bu sahədə qəbul edilmiş sənədlər barədə danışıb. 20 il əvvəl Azərbaycanda insan hüquq və azadlıqlarının təmininə xidmət edən Ombudsman təsisatının yaradılmasında Heydər Əliyevin xüsusi rolu olduğu vurğulanıb.