Nyu-Yorkda yaşayan azərbaycanlılar BMT-nin binası qarşısında aksiya keçiriblər

ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlılar BMT-nin qarşısında aksiya keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan icmasının fəalları Xankəndi-Laçın yolunda günlərdir davam edən dinc etiraz aksiyasına dəstək nümayiş etdiriblər.

BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahı önündə toplaşan həmvətənlərimiz beynəlxaq təşkilatdan Ermənistanın Azərbaycanın tarixi torpaqlarında törətdiyi bəşəri cinayətə beynəlxalq hüquq çərçivəsində cavab verilməsini tələb ediblər.

Aksiya iştirakçıları üzərində “Ekoloji cinayətə son!”, “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik”, “Bəşəri cinayət” yazılan plakatlar qaldırıblar.

Həmvətənlərimiz Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terrora son qoyulmasını tələb edən şüarlar səsləndiriblər.

Onlar eyni zamanda beynəlxalq təşkilatdan bölgəyə ekspertlər göndərilməsini, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.

Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova BMT-yə müraciətində bildirib ki, Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın tarixi torpaqlarında faydalı qazıntı yataqlarını qanunsuz olaraq heç bir ekoloji normalara riayət etmədən istismar etməsi cinayətdir və sadəcə Azərbaycanın deyil, dünyanın ekosisteminə və bütövlükdə bəşəriyyətə ən böyük zərbədir.

Ərazidən keçən yerli sakinlər həmvətənlərimizə yaxınlaşaraq, baş verənlər haqqında məlumatlar alıblar.

Hava şəraitinin soyuq olmasına baxmayaraq aksiya iştirakçıları bir neçə saat ərzində BMT-nin önündə dinc aksiyanı davam etdiriblər.

Aksiya insidentsiz başa çatıb.