Nur-Sultanda MDB məkanında əmək standartlarına dair beynəlxalq konfrans keçiriləcək

Noyabrın 28-29-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB üzvü olan ölkələrdə əmək standartlarına dair beynəlxalq konfrans keçiriləcək.

“Report” BELTA-ya istinadən xəbər verir ki, konfrans 2016-2020-ci illər üçün MDB ölkələrinin əmək standartları sahəsində əməkdaşlığının Konseptual əsaslarının həyata keçirilməsi üzrə əsas fəaliyyət planına uyğun olaraq keçiriləcək.

Konfransın məqsədi əməyin təşkili və tənzimlənməsi, onun metodologiyası və təcrübəsi, bu sahədə mütəxəssislərin hazırlanması, yenidən hazırlanması və ixtisasartırma sahəsində elmi-praktik problemlərin həlli istiqamətində təcrübə mübadiləsi aparmaqdır.

İştirakçılar MDB ölkələrində əmək standartlarının təşkili, əməyin normativ bazasının təkmilləşdirilməsi, ixtisas sisteminin formalaşdırılması, o cümlədən MDB ölkələrində milli ixtisas sisteminin (milli və sənaye ixtisas çərçivələri, peşə standartları) inkişafı məsələlərini müzakirə edəcəklər.

Tədbirə aparıcı alimlər, aspirantlar və magistrantlar, əməyin təşkili və tənzimlənməsi sahəsindəki mütəxəssislər, Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Türkmənistan, Özbəkistan və digər ölkələrdən işəgötürənlər və sosial tərəfdaşlar dəvət olunub. Konfransda həmçinin əmək standartları sahəsində işlərin metodiki və təşkilati-texniki təminatı sferasında və əmək standartları üzrə kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırma sferasında MDB ölkələrinin baza təşkilatlarının nümayəndələri iştirak edəcək.