Novruz Həsənov dünyasını dəyişdi

Azərbaycanda və türk dünyasında Novruz Əmi kimi tanınan, milli azadlıq hərəkatının əfsanə isimlərindən olan Novruz Həsənov dünən saat 23 radələrində dünyasını dəyişib.

Yaxınları musavat.com -a bildirir ki, N. Həsənov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Lakin durumu kafi idi, sadəcə əməliyyat olunmaq üçün getdiyi Tiflis xəstəxanasında əməliyyat sonrası qəfil fənalaşma səbəbindən komaya girib. Nə qədər cəhd göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Novruz Həsənovun dünyasını dəyişməsi Yeni Müsavat Media Qrupunu və bütün dostlarını yasa boğub. Başımız sağ olsun və Allah rəhmət etsin.

Musavat.com olaraq bildiririk ki, Novruz HƏSƏNOV üçün mərasimlər doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində olacaq.

Novruz Həsənov 1948-ci ilin martında Tovuzun Bozalqanlı kəndində doğulub. BDU-nun hüquq fakültəsini bitirib. DİN orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Nüfuzlu polis zabiti olub. Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatı başlayanda, ona ilk dəstək verənlərdəndir. Hərəkatın lideri Əbülfəz Elçibəyin yaxın dostu olaraq AXC-nin regional təşkilatlarının qurulmasında xidmətlər göstərib. Erməni işğalına qarşı xalq müqavimətinin təşkilatçılarındandır. 1992-93-cü illərdə Tovuzda polis rəisi vəzifəsində çalışıb. Ölkə rəhbərliyinin tapşırığı ilə Tovuzun Kirən kəndində qurduğu “Ruzigar” düşərgəsi, türk dünyasının əfsanəsi adını qazanıb. Türkiyədən gələn döyüşçülərdən təşkil olunan “Ruzigar” kampı bölgədə gedən hərbi əməliyyatlarda böyük rol oynayıb. Xocalı soyqırımının ilk ildönümündə Ermənistan ərazisinə girib, türk döyüşçülərlə düşməndən layiqli qisas almaq üçün geniş əməliyyatı hazırlayan məhz Novruz Həsənov olub. 1994-cü ildən başlayan, on üç illik məcburi mühacirətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin birbaşa müdaxiləsi ilə vətənə qayıdan Novruz Həsənov, xidmətlərinə görə ülküçü camiədə və ölkədə Novruz Əmi kimi qəbul olunub.

Türk.az saytının kollektivi bu acı xəbərdən üzülərək Novruz Həsənovun yaxınlarına eləcədə Azərbaycan xalqına baş sağlığı verir !

Əvvəlki20 sentyabr Azərbaycanda Neftçilər günüdür
NövbətiSəngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir