Novruz bayramı münasibətilə Aktauda “Azərbaycan yurtası” adlı tədbir təşkil edilib

Novruz bayramı münasibətilə martın 22-də Aktaunun dənizkənarı bulvarında ölkəmizin bu şəhərdəki baş konsulluğu və Azərbaycan icması tərəfindən “Azərbaycan yurtası” adlı tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yurtasına ali qonaq kimi baş çəkən Manqistau vilayətinin qubernatoru Nurlan Noqayev xalqımıza bayram münasibətilə təbriklərini çatdırıb, ölkəmizlə bağlı xoş arzularını ifadə edib.

Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri v.i.e. Elçin Məmmədov və Azərbaycan icmasının rəhbəri – “Dostluq” milli mədəni cəmiyyətini sədri Şəmsəddin Hüseynov qubernatora xoş sözlərə görə təşəkkürlərini bildirib, qardaş qazax xalqını səmimi qəlbdən təbrik ediblər.

Eyni zamanda, vilayət və şəhər administrasiyalarının, Məsləhət şuralarının, Xalq Assambleyasının, yerli icra qurumlarının nümayəndələri və şəhər sakinləri Azərbaycan yurtasının qonağı olublar.

Tədbirdə milli musiqi nümunələrimiz səsləndirilib, rəqslərimiz nümayiş etdirilib, qonaqlara Azərbaycan təamları, milli suvenirlər təqdim olunub.

ƏvvəlkiCenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib
NövbətiBu gün Ümumdünya Meteorologiya Günüdür