Niderland şirkətləri Ələt Azad İqtisadi Zonasına dəvət edilib

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Niderlandda iş adamları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Haaqada Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı çərçivəsində niderlandlı şirkət rəhbərləri, iş adamları, menecerlər ilə “Ələt Azad İqtisadi Zonasının – Avrasiyanın Qızıl körpüsünü kəşfi” adlı konfransı təşkil olunub.

Səfir Rəhman Mustafayev çıxış edərək, Azərbaycandakı biznes mühiti haqqında məlumat verib. Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafı, onun şaxələndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər haqqında danışıb, Ələt Azad İqtisadi Zonasının bu sahədəki önəmini diqqətə çatdırıb.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbərlik etdiyi qurumun məqsədləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycana innovativ texnologiyalara əsaslanan, əlavə dəyər yaradan ixracyönümlü istehsal müəssisələrinin qurulması üçün münbit şərait təqdim edir. O, niderlandlı iş adamlarını qanunvericilik bazası, vergi və qeyri-vergi imtiyazları, əlverişli logistika və nəqliyyat infrastrukturu, habelə istehsalatın yaradılması üçün bütün zəruri infrastruktur ilə təchiz olunan azad iqtisadi zona haqqında məlumatlandırıb. Valeh Ələsgərov Niderland şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Sonda konfrans tərəflərin fikir mübadiləsi ilə davam edib.

ƏvvəlkiXətai rayonunda “Bizim həyət” layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib
NövbətiDövlət sərhədini pozmaq istəyən Nepal və Şri-Lanka vətəndaşları saxlanılıblar