Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə tibbi xidmətlər göstəriləcək

Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə müvafiq tibbi xidmətlər göstəriləcək.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyədən həkim-psixoterapevtlər bu gün Naxçıvan şəhərinə gəliblər.

Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Qonaqlara məlumat verilib ki, muzey 1999-cu il il mayın 10-da fəaliyyətə başlayıb. Hazırda fondunda 4 mindən çox eksponat olan muzeydə Ümummilli Lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, albomlar nümayiş etdirilir.

Məlumat verilib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyənin inkişafına diqqət və qayğı göstərib, bu sahədə ardıcıl islahatlar aparılıb. Muzeydə Ulu Öndərin həyat və fəaliyyətinə, onun ailəsinə, görkəmli oftalmoloq alim Zərifə Əliyevaya aid fotolar, ədəbiyyatlar və digər eksponatlar da qonaqların marağına səbəb olub.

Sonra qonaqlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reabilitasiya şöbəsinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, muxtar respublikaya dəvət olunan həkim-psixoterapevtlər tərəfindən qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün müayinələr yanvarın 9-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılacaq. Bu kateqoriyadan olan şəxslər növbəli şəkildə müayinələrdən keçmək üçün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.