Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başlayan komanda-qərargah təlimi davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərində işlənilib, qəbul edilmiş qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.

Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, eləcə də döyüş fəaliyyətlərinin gedişi zamanı artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.

Ordu aviasiyasının havadan himayəsilə taktiki desantın düzən əraziyə və çətin relyefə malik hakim yüksəkliyə çıxarılması həyata keçirilib. Kəşfiyyat və xüsusi təyinatlı bölmələr çətin dağ şəraitində diversiya-təxribat xarakterli fəaliyyətləri icra ediblər.