Milli Məclisin növbəti plenar iclası keçirilib

Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclası açaraq Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana təhvil verildiyini bildirib. Spiker deyib: “Eşq olsun Müzəffər Ali Baş Komandan İlham Əliyevə! Eşq Olsun şanlı Azərbaycan Ordusuna!” şüarlarını səsləndirib. Milli Məclisin sədri dekabrın 1-dək Laçın rayonunun da işğaldan azad edilərək Azərbaycana qaytarılacağına əminliyini ifadə edib.

Sonra iclasın gündəliyi qəbulolunub.

Milli Məclisin sədri deyib ki, noyabrın 25-də Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli qətnamə qəbul edilib. Bu sənədə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli bir yanaşmaya əsaslandığını görmək olar. Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib, xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb. İş o yerə çatıb ki, Fransa Senatının üzvləri hökuməti artıq mövcud olmayan qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa, bölgədə 1994-cü ildə mövcud olmuş sərhədləri qaytarmağa çağırıblar.

Bildirilib ki, Milli Məclis Fransa Senatının bu qətnaməsi ilə bağlı ciddi bir bəyanat qəbul etməlidir və gündəliyin birinci məsələsi məhz bu bəyanatla bağlıdır.

Diqqətə çatdırılıb ki, məlum olduğu kimi, 30 ilə yaxın idi Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizama salınması üçün danışıqlar aparılırdı. 1994-cü ildən Fransa bu danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan bu danışıqlarda heç bir nəticənin əldə edilməməsinin əsas səbəblərindən biri məhz beynəlxalq vasitəçilərin, xüsusilə Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymaması olub.

“Son vaxtlar biz Fransa dövlətinin siyasi və dövlət xadimlərinin, hakimiyyət orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Fransa Prezidenti, xarici işlər naziri öz bəyanatları ilə göstəriblər ki, Cənubi Qafqazda və bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan, indi məğlub duruma düşən Ermənistanı birtərəfli qaydada müdafiə edəcəklər. Bütün bunlar Fransanın həmsədr kimi bitərəfliyini şübhə altına alır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun niyyətləri barədə bir sıra suallar doğurur.

Azərbaycanın səyləri nəticəsində bu gün regionda tamamilə yeni bir reallıq yaranıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan–Azərbaycan münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulub. Bu reallığı bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə dəstəkləyir. Bu reallıq Fransanın vəkillik etməyə çalışdığı Ermənistan tərəfindən də qəbul edilib. Düşünürəm ki, Fransa özü də yaranmış vəziyyətlə barışmalı, haqsızı müdafiə etməkdən əl çəkməli, haqqın və haqlının tərəfində dayanmalıdır. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər. Azərbaycan xalqı bundan sonra da öz Liderinin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün qəsdləri dəf edəcək”, – deyə spiker qeyd edib.

Sahibə Qafarovanın təklifi deputatlar tərəfindən razılıqla qarşılanıb və Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başda olmaqla, deputatlar Cavanşir Feyziyev, Əminə Ağazadə və Fazil Mustafadan ibarət komissiya təşkil olunub.

İclasda Fransanın Azərbaycana qarşı bu ədalətsiz və qərəzli addımı ilə bağlı geniş müzakirələr keçirilib. Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, Tahir Rzayev, millət vəkilləri Azay Quliyev, Nurlan Həsənov, Nigar Arpadarai, Kamal Cəfərov, Anar İsgəndərov, Erkin Qədirli, Fazil Mustafa, Əli Məsimli, Fəzail Ağamalı, Kamilə Əliyeva, Elman Nəsirov, Aqil Abbas, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Sahib Alıyev, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə və Razi Nurullayev çıxış edərək Fransanın bu hərəkətini Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa qarşı hörmətsizlik kimi dəyərləndiriblər.

Sonra deputat Cavanşir Feyziyev hazırlanmış bəyanatın mətnini oxuyub və deputatlar bəyanata münasibət bildiriblər.

Etiraz bəyanatı yekdilliklə qəbul edildikdən sonra gündəlikdəki digər 6 məsələnin müzakirəsinə başlanılıb.

Əvvəlcə, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, parlamentdə sənədlərin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı millət vəkilləri tərəfindən bir sıra təkliflər səsləndirilib. Əli Hüseynli qeyd olunan təkliflərlə bağlı münasibətini bildirib və qeyd edib ki, hazırlanan sənədlər orden və medallarla bağlı formalaşmış Azərbaycan qanunvericiliyinə tam uyğundur, Qanun layihələrinin əsasnaməsində və təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağın tarixi, milli və hərbi atributlarla bağlı bütün elementlər öz əksini tapıb.

Deputatlar Fəzail Ağamalı, Aydın Mirzəzadə və Qüdrət Həsənquliyev qanun layihələri ilə bağlı fikirlərini səsləndiriblər və sənədlərin mükəmməl şəkildə hazırlandığını diqqətə çatdırıblar.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

İclasda “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də üçüncü oxunuşda baxılıb. Əli Hüseynli qanun layihəsinin əvvəlki oxunuşlarda müzakirəsi zamanı və ondan sonra komitəyə heç bir yeni təklifin daxil olmadığını söyləyib. Bildirilib ki, medal haqqında əsasnaməyə görə, yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hazırkı və keçmiş əməkdaşları, məzunları, elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində, təmsil olunduqları qurumun tərəqqisində xüsusi xidmətləri olan ölkə vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.