Marneulidəki “Azərbaycan Evi”ndə yeni “Robotik” kompüter otağı istifadəyə verilib

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə yeni “Robotik” kompüter otağı istifadəyə verilib.

Açılış mərasimində Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev və Ali Kaan Orbay, Azərbaycan Respublikası Diaspora Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, TİKA-nın vitse-prezidenti Ümit Naci Yorulmaz, Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, TİKA-nın regional rəhbəri Tuğba Özütok və digər şəxslər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları “Robotik” kompüter otağına baxış keçirib, burada yaradılan şəraitlə yaxından tanış olublar.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov bildirib ki, “Robotik” kompüter otağı TİKA-nın maliyyə yardımı ilə tam texnoloji avadanlıqla təmin olunub. Burada hər mərhələdə 50-dən çox gənc informasiya kommunikasiya texnologiyaları üzrə biliklər əldə edəcəklər.

Əkrəm Abdullayev Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş lokal antiterror tədbirləri barədə məlumat verib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ə.Abdullayev dünyanın hər bir ölkəsində Azərbaycan və türk diaspor təşkilatlarının Ulu Öndərimizin “Bir milli, iki dövlət” kəlamını əldə rəhbər tutaraq birgə fəaliyyət göstərdiklərini, Gürcüstanda belə bir otağın açılmasını qardaşlığımızın bariz nümunəsi olduğunu bildirib.

Faiq Quliyev XXI əsrin kompüter əsri olduğunu və yeniyetmələrin bu sahədə yeni biliklər əldə etmələrinin vacib olduğunu qeyd edib. Diplomat yardıma görə, qardaş Türkiyə dövlətinə və TİKA rəhbərliyinə təşəkkür edib.

Qonaqlar “Azərbaycan Evi”nin və İnteqrasiya Mərkəzinin rəhbərliyinə fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitə görə TİKA rəhbərliyinə minnətdarlıq ediblər.

Əvvəlki“Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində yeni kitab işıq üzü görüb
NövbətiBölgədəki son vəziyyətlə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib