Lerikdə torpaq sürüşməsi zamanı xəsarət alanlar var

Lerikin Çayrud kəndində torpaq sürüşməsi zamanı xəsarət alan ana ilə övladının vəziyyəti yaxşıdır.
Bu barədə Qaynarinfo-ya Çayrud kənd sahə xəstəxanasının həkimi Aslan Kərimov məlumat verib.
O, qeyd edib ki, hər iki xəstə müayinə olunub, tibbi yardım göstərildikdən sonra evə buraxılıb:
“Müayinə olundular. Ananın ayağında yüngül əzilmə var. Uşağın isə başı sıyrılıb. Tikiş qoyulub və evə buraxılıb. Əgər özlərini pis hiss etsələr, yenidən xəstəxanaya aparılıb, müayinə olunacaqlar”.
Qeyd edək ki, Lerikin Çayrud kəndində torpaq sürüşməsi baş verib. Torpaq uçqunu nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev tamamilə dağılıb. Hadisə zamanı ailə başçısı 40 yaşlı Arif Əlirzayev ölüb, onun həyat yoldaşı – 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva və qızları – 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.