Laçınlılar ilaxır çərşənbəni yüksək əhval-ruhiyyə ilə qeyd ediblər

Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlər ilaxır çərşənbəni yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Taxtakörpü qəsəbəsindəki Heydər Əliyev adına parkda təşkil edilən bayram şənliyində əvvəlcə milli sənət əşyalarından ibarət sərgiyə baxış keçirilib. Sərgidə Tarix-diyarşünaslıq Muzeyinin eksponatları, qədim məişət əşyaları, milli mətbəx nümunələri, “Novruz” bayramının simvollarından olan səmənilər, həmçinin işğaldan azad olunmuş Laçından gətirilən eksponatlar nümayiş olunub. Bayram tədbirində müxtəlif əmək məşğuliyyətlərini əks etdirən səhnəciklər təşkil edilib, milli geyimli qızlar tərəfindən şənlik iştirakçılarına və dəvət olunmuş qonaqlara bayram şirniyyatları paylanılıb.

Bayram şənliyində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edib, xalqımızın milli adət-ənənələrinə Prezident İlham Əliyev tərəfindən yüksək diqqət və həssaslıqla yanaşılmasından, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti ilə Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın azad edilməsi Novruz bayramının keçirilməsinə xüsusi əhval-ruhiyyə, şən ovqat gətirib. Laçınlı köçkünlər Laçın şəhərinə, rayonun Zabux və Sus kəndlərinə qayıdış anını səbirsizliklə gözləyir, bayram tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad edilmiş torpaqlarımızda yandırılmasından qürur duyurlar.

Bayram tonqalı ətrafında davam edən tədbirdə rayonun mədəniyyət və incəsənət nümayəndələri geniş konsert proqramı ilə çıxış edib, Kosanın və Keçəlin şən zarafatları marağa səbəb olub. Təqdim edilən rəngarəng musiqi nömrələri, rəqqasələr qrupunun çıxışları, tədbirə dəvət edilmiş “N” saylı hərbi hissənin əsgərlərinin rəqsləri tədbir iştirakçılarında yüksək bayram əhval ruhiyyəsi, şən ovqat yaradıb.

ƏvvəlkiAzərbaycanın yunan-Roma güləşçisi Avropa ikincisi olub
NövbətiBu gün İranda qeyd olunan “Torpaq Çərşənbəsi”ndə 714 nəfər yaralanıb