Lənkəranda keçirilən üç günlük regional konfrans yekunlaşıb

Lənkəran şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin, rayonun idarə və təşkilatlarının məsul əməkdaşlarının iştirak etdiyi tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.

Tədbiri açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ulu Öndər Heydər Əliyevin mənəvi irsin və dini dəyərlərin dirçəlişinə göstərdiyi xüsusi diqqət və qayğıdan, bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Vurğulayıb ki, dini icmaların fəaliyyətinə mənəvi və maddi dəstəyin göstərilməsi dövlətin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov Azərbaycandakı tolerantlıq mühitinin dünyaya nümunə olduğunu bildirib, respublikamızda yaşayan bütün dinlərin və xalqların nümayəndələri arasında bir-birinə tolerant yanaşma olduğunu qeyd edib: “Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin qoyduğu yolun davamı olaraq dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşların ölkədə dini etiqad azadlığını həyata keçirmələri üçün bütün şəraitin yaradılması, məscidlərin, ziyarətgahların tikilməsi, təmir-bərpası kimi məsələləri prioritet olaraq müəyyənləşdiriblər”. S.Heydərov onu da vurğulayıb ki, bu gün ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədə təzahür edir.

Ölkəmizə qarşı dini zəmində yönəlmiş təhdidlərin mövcud olduğunu deyən sədr müavini bəzi qüvvələrin Azərbaycanda dünyəviliyin zəiflədilməsi, dinin siyasiləşdirilməsi, məzhəbçilik meyillərinin gücləndirilməsi istiqamətində çalışdıqlarını diqqətə çatdırıb. O, İslamın həqiqi mahiyyətinə uyğun olaraq təbliğ edilməsində din xadimlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Milli Məclisin deputatı Rüfət Quliyev isə qeyd edib ki, dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Millət vəkili vurğulayıb ki, bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur.

“Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumunun mətbuat katibi Toral Ağayev, Azərbaycan Yeparxiyasının nümayəndəsi Andrey Bezotosnıy, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli, eləcə də “Alov” xristian dini icmasının sədri İdris Məmmədov çıxışlarında mövzunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanda yaşayan müxtəlif millətlərin dini dözümlülük şəraitində özlərinin dini dəyərlərini qoruyub saxladıqları barədə danışıblar.

Üçgünlük konfrans müzakirələrlə başa çatıb.

ƏvvəlkiBrüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub
NövbətiAzərbaycanda COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə veriləcək