Kürdəmirdə yol qəzası oldu

Kürdəmir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 31-ci kilometrliyində, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini İsmayılov Rahim Zöhrab oğlu idarə etdiyi BMW markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan sürücü, rayon sakini, 1988-ci il təvəllüdlü Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla toqquşub. Nəticədə R.Kərimov hadisə yerindəcə dünyasını dəyişib.

BMW markalı avtomobildə sıxılıb qalmış sürücü İsmayılov Rahim Zöhrab oğlu isə FHN-nin Kürdəmir rayon şöbəsinin qəza xilasetmə xidmətinin əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb.

Bundan başqa hər iki avtomobildə olan digər sərnişinlər – 1970-ci il təvəllüdlü Kərimov Mübariz Paşa oğlu və 1991-ci il təvəllüdlü Rəsulov Hakim İlqar oğlu da müxtəlif növ ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıblar.

Fakt araşdırılır.

Əvvəlki“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi
NövbətiElşən Musayev: Türk Şurasının Zirvə görüşü hətta karantin dövründə də vahid platforma ilə çıxış etməyin mümkünlüyünü göstərdi