“Krıtı Araz”-ın adamlarına hökm oxunub

Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə “Krıtı Araz” kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə keçirilib.

Türk.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il, Elməddin Şahbazov isə digər cəzasının bu cəza ilə birləşməsi nəticəsində 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı müəssisəsində cəza çəkərkən, 2016-ci il dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri Bakıda və bölgələrdə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.

2017-ci aprelin 14-də Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb. Onlar mütəşəkkil dəstənin həbsdə olan Araz Fərəcov tərəfindən yaradıldığını bildiriblər. Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola-ola cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiya edib.

Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə “Krıtı Araz” kimi tanınır. Onun mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.

ƏvvəlkiAtəşkəs 92 dəfə pozulub
NövbətiOrduda xüsusi rejim tətbiq olundu