Kanar adalarında yanğın: 26 min insan təxliyə edildi

İspaniyanın cənub-qərbindəki Kanar adalarından biri Tenerifedə yanğınlar səbəbindən insanlar təxliyə olunub.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, adadakı yanğınların söndürülməsi və risk altında olanların təxliyəsi üçün işlər davam etdirilir.

Kanar adaları müşaviri Kandelaria Delqado yerli RTVC telekanalına bildirib ki, Tenerifedəki yanğınlar səbəbindən ümumilikdə 26 min insan təxliyə edilib.

Rəsmilər avqustun 15-dən Kanar adasının ən böyük təbiət parkı da daxil olmaqla 5 min hektar ərazinin yandığı barədə məlumat yayıblar.

Tenerife meteorologiya səlahiyyətliləri temperaturun artmağa davam edəcəyi ilə bağlı məlumat paylaşıb.

Bölgədən təxliyə ediləcək insanların sayının artacağı ehtimal olunur.

Yanğın adanın şimalındakı qəsəbələrə su ötürən kanala da ciddi ziyan vurduğu üçün bəzi ərazilərdə su kəsilib, sakinlərə “sudan qənaətlə istifadə edin” çağırışı olunub.

Meşə Xidmətinin direktoru Pedro Martinez bildirib ki, yanğını söndürmək mümkün deyil, lakin yanğınsöndürənlərin can itkisinin və dağıntıların qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər.

Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo mətbuata açıqlamasında dünən gecə meteoroloji vəziyyətin əlverişsiz olduğunu, küləyin, temperaturun şəraiti daha da çətinləşdirdiyini və nəticədə yanğının şimala yayıldığını vurğulayıb.

Bildirilib ki, yanğının söndürülməsinə 200-dən çox canlı qüvvə, 13 təyyarə və helikopter cəlb olunub.

ƏvvəlkiDünya Qadın Seriyası: “Neftçi” finala vəsiqə qazanıb
NövbətiQaradağ rayonunda mikroavtobus yanıb