Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli oldu

“Vüqar Həşimov Memorialı-2022” superturniri çərçivəsində media nümayəndələri arasında keçirilən şahmat yarışının mükafatçıları bəlli olub.

Trend xəbər verir ki, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 6,5 xal toplayan sport24.az saytının baş redaktoru Ceyhun Əliyev birinci olub. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Ramiz Quliyev 6 xalla yarışı ikinci, milli.az saytının redaktoru Zaur Həsənəliyev isə 5,5 xalla üçüncü pillədə başa vurublar.

Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunub.