İtaliya polisi Almaniyada dövlət çevrilişi planlaşdıran qruplaşma üzvünü saxlayıb

İtaliya polisi Almaniyada dövlət çevrilişi planlaşdıran terror təşkilatı ilə əlaqəsi olan alman ordusunun keçmiş zabitini saxlayıb.

AZƏRTAC xəbər verir ki, İtaliya polisi istintaq prosesi çərçivəsində Perugia şəhərində keçirilən əməliyyatda 1958-ci il təvəllüdlü Almaniya vətəndaşının saxlandığını bildirib. Xidməti vəzifəsini yerinə yetirərkən alman ordusunun xüsusi təyinatlı bölmələrinin üzvü olan həmin şəxs Almaniyada dövlət çevrilişi planlaşdıran terror təşkilatının üzvü olmaqda ittiham edilir. Keçmiş zabitin İtaliyadan Almaniyaya ekstradisiyası ilə bağlı proses başlayıb.

İtaliyada keçirilən əməliyyat Almaniya hüquq-mühafizə orqanlarının “Reichsbürger” adlı terror şəbəkəsinin məhvinə yönəlmiş əməliyyatın davamıdır.

Xatırladaq ki, dekabrın 7-də Almaniyanın hüquq-mühafizə orqanları dövlət çevrilişi hazırlamaq şübhəsi ilə 25 nəfəri nəzarət altına alıb.