İSESKO-nun “Gələcək forumu”nda süni intellekt sahəsində təqdimatlar olacaq

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) fevralın 17-18-də Rabat şəhərində keçiriləcək “Gələcək forumu”nda dünyanın müxtəlif ölkələrindən süni intellekt və müasir texnologiya sahəsində 27 ekspert iştirak edəcək.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, İSESKO-nun Alman Konrad Adenauer Fondu ilə birlikdə təşkil edəcəyi forum İslam dünyasının qlobal texnoloji inkişaf fonunda inkişafı məsələlərinə həsr olunacaq. Ekspertlər öz təqdimatlarında 2040-cı ilədək süni intellektin və texnoloji inqilabın bəşəriyyətin tərəqqisinə təsiri, habelə bu kontekstdə yaranacaq problemlər və onların aradan qaldırılması yollarından bəhs edəcəklər. Məruzəçilər ekoloji, siyasi, sosial və rəqəmsal dəyişikliklərin cəmiyyətin həyatında rolunu konkret faktlarla əsaslandıracaqlar.

Qeyd olunub ki, İSESKO-nun üzvü olan 54 ölkə öz yerli şərtlərinə uyğun şəkildə yeni çağırışlara hazır olmalıdır. Sivilizasiyaların yol ayrıcında strateji mövqeyini qoruyub saxlamaq və gücləndirmək üçün bu dövlətlər qabaqcıl texnologiyaları tətbiq edən ölkələrin təcrübəsindən yararlanmalıdır.

Forum çərçivəsində virtual rəsmlər və rəqəmsal rəssamlıq sərgisi də təşkil ediləcək.

ƏvvəlkiDünyanın ən yaşlı adamının adı açıqlanıb
NövbətiBir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır