İranda etirazçıya ölüm hökmü çıxarılıb

İran məhkəməsi Tehran vilayətində etirazçılardan birinə ilkin ölüm hökmü çıxarıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs “hökumət binasını yandırmaqda” və “kütləvi iğtişaşlar təşkil etməkdə” ittiham olunub. Bundan əlavə, “dincliyi pozmaqda” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə” təqsirləndirilən etirazçıya qarşı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 5 məhkəmə qərarı çıxarılıb.

Agentlik vurğulayıb ki, bu, ilkin hökmdür və ondan apellyasiya şikayəti verilə bilər.

Qeyd edək ki, İranda hicab geyimi qaydasını pozduğuna görə əxlaq polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı yaranmış iğtişaşlar sentyabr ayından başlayıb. Rəsmi Tehran etirazları amansızcasına yatırıb, ölkədə sosial şəbəkələrə və internetə çıxış məhdudlaşdırılıb.

Məlumata görə, 57 gün davam edən etiraz aksiyaları zamanı 50-si uşaq olmaqla 330 nəfər həlak olub.

Dünyanın bir sıra ölkələri vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.