İnzibati icraçı vəzifələr üzrə test imtahanında 1700 namizədin iştirak edəcəyi gözlənilir

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə fevralın 13-də keçiriləcək test imtahanında iştirak etmək üçün BA qrupu üzrə 462, BB qrupu üzrə 1238 olmaqla, ümumilikdə 1700 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 158 nəzarətçi-müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Kitabçada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.