III Yay Düşərgəsinin iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Şuşanın 270 illik yubileyi və “Şuşa İli” çərçivəsində təşkil edilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Fəxri Xiyabanda görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, düşərgə iştirakçıları ümummilli liderin məzarı önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər.

Sonra gənclər II Şəhidlər Xiyabanını ziyarət edərək, 44 günlük Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın ruhu qarşısında baş əyiblər.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdiriləcək. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Bu möhtəşəm layihədə 52 ölkəni təmsil edən 116 nəfər iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.

2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

ƏvvəlkiMühəndis bölmələri ilə praktiki məşğələlər keçirilir
NövbətiCeyhun Bayramov Karen Donfridə erməni silahlılarının Azərbaycandan tam çıxarılmadığını bildirib