İƏT Gənclər Forumunun prezidenti Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırımının 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda İƏT Gənclər Forumunun bu dəhşətli faciə qurbanlarının xatirəsini ehtiramla yad etdiyi bildirilir.

Bir daha diqqətə çatdırılır ki, bu soyqırımı aktı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb. 150 girov, o cümlədən 68 qadın və 26 uşaq hələ də məlum deyil. Bu qırğın zamanı 487 nəfər ağır yaralanıb. Bundan başqa, 8 ailə tamamilə məhv edilib, 155 uşaq isə valideynlərini itirib. İşğal edilmiş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktı kimi tanıyan qətnamələrə istinad edərək, İƏT Gənclər Forumunun prezidenti bir daha bildirir ki, Xocalı soyqırımı Azərbaycan ərazilərinin Ermənistan Respublikası tərəfindən qanunsuz işğalının nəticəsidir və öz miqyasına, qəddarlığına və qeyri-insani rəftarına görə XX əsrdə bəşəriyyət tarixində törədilmiş ən dəhşətli soyqırımı cinayətlərindən biridir.

Taha Ayhan erməni işğalına son qoyulmasının bütün regionda uzunmüddətli sabitliyin və sülhün bərqərar olması üçün həlledici əhəmiyyətə malik olduğuna inanaraq, bu soyqırımı aktını törədən erməni qatillərinin cəzalandırılması üçün müvafiq beynəlxalq hüququn həyata keçirilməsinin vacibliyini vurğulayıb, bölgədə firavanlıq və əmin-amanlıq, xüsusən də gənclərin rifahının yaxşılaşdırılmasına ümid edən İƏT Gənclər Forumu bir daha Azərbaycan hökumətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

Bəyanatında Taha Ayhan eyni zamanda Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə Azərbaycan hökuməti və xalqının verdiyi qardaş dəstəyi və yardımını də yüksək qiymətləndirir.

ƏvvəlkiTbilisidə “Xocalıya ədalət” tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib
NövbətiAİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qüvvəyə salıb