Hissə və birləşmələrin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yoxlanılması davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank və komando hərbi hissələrində keçirilən təlimləri izləyib.

Komanda idarəetmə məntəqələrinə baş çəkən müdafiə naziri “Tank ovçuluğu” təlimini və komandoların hazırlıq məşğələsini izlədikdən sonra  komandir heyətinin məruzələrini dinləyib.

Məruzə olunub ki, təlim prosesində şərti düşmənin zirehli texnikasının pusquya və xəndəklərə salınmaqla yaxın məsafədən sıradan çıxarılması, eləcə də komandoların yaşayış məntəqələrində döyüş tapşırıqlarının icrası məşq etdirilir.

Təlimin planına uyğun olaraq tank bölmələri tərəfindən zirehli texnikanın atəşlə irəliləmə üsulları da yerinə yetirilir.

Komandoların və tank bölmələrinin fəaliyyətini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübədən istifadə olunmaqla döyüş hazırlığının intensivliyinin və effektivliyinin daha da artırılması barədə aidiyyəti üzrə əlavə tapşırıqlar verib.

ƏvvəlkiCənub bölgəsində keçirilən təlimdə xüsusi təyinatlılar gecə vaxtı tapşırıqlar icra ediblər
NövbətiS.K.Bəkirova “vitse-admiral” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı