Heydər Əliyev Mərkəzində ümumrespublika bilik yarışı keçirilib

Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı keçirilib.

Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak edib.

Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib.

İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıb.

Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət bir komanda təmsil edib. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar.

3 turun sonunda ümumrespublika bilik yarışının qalibləri seçilib. Qaydalara əsasən, münsiflər heyəti hər düzgün cavabı bir xalla qiymətləndirir. Ümumi xallar üzrə qalib komanda müəyyənləşir. Nəticələrə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası üçüncü yerə layiq görülüb.

Əvvəlki12 noyabr – Konstitusiya Günüdür
NövbətiTDT-in keçmiş baş katibinə yeni vəzifə verilib