Hərbi liseylərə qəbul imtahanlarının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna iyulun 30-da keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsviri, həmçinin qiymətləndirmə meyarları ilə Mərkəzin saytında tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Hərbi liseylərə qəbul imtahanında iştirakı gözlənilən 1181 abituriyentdən 37 nəfər, digər imtahanda isə 118 abituriyentdən 1 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 4-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 3-dən 5-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.

ƏvvəlkiÖzbəkistanın mədəniyyət naziri: Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin qədim zamanlardan bəri möhkəm təməli var
NövbətiƏli Şükürlü Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb