Gürcüstanda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər həbs olunacaqlar

Bu gündən etibarən Gürcüstanda nəqliyyat vasitəsini narkotik, psixotrop və digər psixoaktiv vasitələrin təsiri altında idarə edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, narkotik vasitələrin təsiri altında avtomobilin idarəolunmasına qarşı cərimə və ya 1 ilə qədər həbs cəzası tətbiq olunacaq.

Bununla yanaşı, qaydaları pozan sürücülər nəqliyyat vasitəsini idarəetmə hüququndan 3 il müddətinə məhrum olunacaqlar.

Yeni qaydaların tətbiq olunması məqsədilə Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul polis departamentinin inspektoralrı müvafiq hazırlıq keçiblər. Bununla yanaşı, departament sürücülərin narkotik vasitələrdən istifadə edib-etmədiyini yerindəcə müəyyən edəcək Almaniya istehsalı olan narkotestlərlə də təchiz olunub.

Qeyd edək ki, indiyə qədər qonşu ölkədə sürücülərin narkotiklərdən istifadə edib-etmədiyi laboratoriyada müəyyən olunurdu. Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunurdular.