Gürcüstan azərbaycanlıları oğul övladına daha çox üstünlük verirlər

Gürcüstan cəmiyyətində oğul övladına üstünlüyün verilməsi hələ də geniş yayılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin Beynəlxalq İqtisad Məktəbi (ISET) ilə birgə apardığı araşdırmada bildirilib.

Araşdırma Gürcüstanın dörd – Kvemo Kartli, Samtsxe Cavaxeti, Kaxeti və Sameqrelo-Zemo Svaneti bölgələrində aparılıb.

Qeyd olunub ki, Kvemo Kartli, Samtsxe Cavaxeti, Kaxeti bölgələrində selektiv abort göstəricisi əhəmiyyətli dərəcədə yüksəkdir. Bu bölgələrdə son 15 ildə oğlanların doğulmasında azalma tendensiyası qeydə alınsa da, selektiv abortla bağlı azalma daha az nəzərə çarpıb.

Müəyyən olunub ki, dörd bölgədə əvvəlki illərdə selektiv abortlar adi hal olsa da, son vaxtlar bu halların sayı azalıb.

Sorğuda iştirak edən respondentlərin selektiv aborta münasibəti bölgələr üzrə fərqli olub. Belə ki, azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində selektiv abort təcrübəsi problem hesab edilməyib. Respondentlər nəsilin davam etdirilməsi üçün oğul övladının doğulmasının vacibliyini qeyd ediblər.

Ermənilərin yığcam yaşadığı Samtsxe Cavaxeti bölgəsində də selektiv aborta yanaşma eyni olub. Kaxeti və Sameqrelo-Zemo Svaneti bölgələrində isə bu məsələyə kifayət qədər mənfi münasibət göstərilib.

Araşdırmada bildirilib ki, Gürcüstanda gender bərabərliyi üzrə dəyərlərə baxışın dəyişməsi cinsi disbalansın tədricən azalmasına səbəb olur. Lakin etnik azlıqların məskunlaşdığı bölgələrdə bu sahədə irəliləyiş yavaş gedir.