G20 gələn ilin birinci yarısınadək dünya əhalisinin 70 faizinin vaksinasiyadan keçməsini hədəfləyir

İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində oktyabrın 29-da Romada G20 ölkələrinin maliyyə və səhiyyə nazirlərinin toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirlərin görüşünün nəticələrinə dair yayımlanan birgə bəyanatda COVID-19-un dərin təsirlərinin dünya miqyasında davam etdiyi, pandemiyanın təhsildə, səhiyyə sistemləri və xidmətlərdə zəiflikləri ortaya çıxardığı bildirilib.

“Böyük iyirmiliyin” maliyyə və səhiyyə nazirləri 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizinin COVID-19 əleyhinə peyvənd olunmasını təmin etmək üçün birgə addımlar atacaqlarını açıqlayıblar. Cari ilin sonunadək isə dünya əhalisinin ən azı 40 faizinin vaksinasiyadan keçməsi hədəflənir.

Bəyanatda qeyd olunub ki, pandemiya ilə mübarizə, atılacaq addımlarla bağlı dialoqu və qlobal əməkdaşlığı gücləndirmək məqsədilə G20-nin Birgə Maliyyə-Səhiyyə İşçi Qrupu yaradılıb.

Xatırlada ki, dünyanın aparıcı 20 iqtisadiyyatının liderləri oktyabrın 30-31-də Romada keçiriləcək G20 Sammitdə bir araya gələcəklər.