Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərindəki “Kür Hotel”də “Gənclər üçün rəqəmsal bacarıqlar düşərgəsi”nə start verilib.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, gənclərin iştirakı ilə keçirilən layihənin məqsədi gənclərin rəqəmsallaşan dünyanın əmək bazarında yeni peşə trendləri ilə bağlı məlumatlandırılması, onların rəqəmsal savadlılığının artırılması, intellektual inkişafına nail olunması, İKT üzrə təhlil və təhlil bacarıqlarının inkişaf etdirilməsi, informasiya müharibəsində düzgün istiqamətləndirilməsi, sosial media menecmenti və kibertəhlükəsizliklə bağlı maarifləndirilməsi və asudə vaxtlarının səmərəli təşkilidir.
Layihə üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddətdə 1523 gənc iştirak etmək hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İki mərhələli seçim turunun yekununda 5 komanda olmaqla 100 nəfər iştirakçı heyəti formalaşdırılıb.
Düşərgənin açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, təşkilat komitəsinin nümayəndələri, gənclər iştirak ediblər.
Əvvəlcə qonaqlar və layihə iştirakçıları tərəfindən birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini canlı şəkildə ifa olunub.
Layihənin ötən iki günü ərzində İT üzrə mütəxəssis və təlimçi Azər Sanılının təqdimatında “İT sahəsində karyera imkanları” mövzusunda ilk təlim təşkil olunub. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin moderatorluğu və influnserlərin iştirakı ilə “Sosial media, influnserlik fəaliyyəti və yeni trendlər” mövzusunda ilk panel müzakirə keçirilib.
Layihə çərçivəsində açılış münasibəti ilə “Welcome Party” və “Enerjini Paylaş” devizli mədəni-kütləvi tədbir baş tutub.
Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.