Fransa XİN azərbaycanlı diplomatları “persona non-grata” elan edib

Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.

“Report”un məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.

“Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib”, – məlumatda deyilir.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

ƏvvəlkiNazirlik 30 dekabr iş günü ilə bağlı qərar verib
NövbətiPrezident Ağdərə rayonunun yaradılması haqqında qanunu imzalayıb