Fevralın 24-dən etibarən DİM apellyasiya təşkil edəcək

Magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 24-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər fevralın 22-24-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xatırladaq ki, fevralın 20-də DİM ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçirib. İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılıb.

İmtahanda iştirak üçün 17 min 97 bakalavr ərizə təqdim edib.

Bütün binalarda eyni vaxtda başlanan imtahan 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

Fevralın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

ƏvvəlkiHeydər Əliyev Fondunun dəstəyi ilə “Moskvada Azərbaycan günləri” başlayır
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2685 yoluxma faktı qeydə alınıb