Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində qeydiyyatdan keçən fermerlərin sayı 200 mini ötüb

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlərin sayı 200 min nəfəri ötüb. Mayın 14-nə olan məlumata görə, 200 min 464 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sistemdə qeydiyyatdan keçmiş fermerlərin sayına görə Sabirabad rayonu birinci yerdədir. Bu rayonda 12 min 853 fermer EKTİS-də özünə şəxsi kabinet yaradaraq, məlumatları daxil edib. Bu, Sabirabad rayonu üzrə subsidiya alan fermerlərin 78,47 faizini təşkil edir. Şəki (7932), Cəlilabad (7055) və Saatlı (7036) rayonlarında qeydiyyatdan keçən fermerlərin sayı 7 mindən çoxdur. Zaqatala, Quba, Xaçmaz, İsmayıllı, Salyan, Samux və Ağdam rayonlarından da fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi yüksəkdir. Əksər rayonlarda subsidiya alan fermerlərin 40 faizdən çoxu EKTİS-ə öz aqrar fəaliyyətlərinə dair məlumatları daxil ediblər.

Fermerlərdən 143 min 908 nəfər yeni sistemdə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən Dövlət Aktı/Şəhadətnamə əsasında qeydiyyatdan keçib. 37 min 315 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 2730 fermer icarə sənədi, 1625 fermer etibarnamə, 389 fermer vərəsəlik şəhadətnaməsi, qalan fermerlər isə mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında qeydiyyatdan keçiblər.

Fermerlərin öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etməsi ilə bağlı rayonlarda maarifləndirmə işləri davam edir. Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, ASAN Könüllüləri fermerlərə informasiya-məsləhət xidməti göstərilməsi prosesinə cəlb olunublar. Eyni zamanda, müəyyənləşmiş qrafik əsasında bölgələrdə fermerlərə EKTİS-in tətbiqi ilə bağlı səyyar xidmətlər də göstərilir.