Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Dünya Xəbər Agentliklərinin “Xəbərlərin gələcəyi” devizi altında keçirilən VI Konqresi iyunun 14-də işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşalın moderatorluğu ilə keçən “Yeni gəlir mənbələri” mövzusunda panel iclasda xəbər agentlikləri üçün əlavə gəlir mənbələrinin tapılmasından danışılıb. Panel iştirakçıları təmsil etdikləri media qurumlarında bu sahədə görülən işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, bunun üçün xəbər agentlikləri öz xidmət sahələrini genişləndirməli, saytlarda şəkillər vasitəsilə daha çox reklam yerləşdirilməlidirlər. Diqqətə çatdırılıb ki, bu sahədə eksklüziv foto və videoların çəkilişinə də xüsusi diqqət yetirilməlidir və bu, daha böyük gəlir gətirə bilər. Həmçinin xarici ölkələrdə müxbir məntəqələrinin yaradılması da vacibdir, belə ki, bununla xəbərləri həmin müxbirlərin qurduqları əlaqələr vasitəsilə digər informasiya agentliklərinə satmaq olar. Vurğulanıb ki, bu işdə müəllif hüququnun qorunması prinsipinə əsaslanmaq çox vacibdir.

Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyarın moderatorluğu ilə keçən “Feyk xəbərlər” mövzusunda panel iclasda qeyri-obyektiv xəbərlərin yayılmasının qarşısının alınması yolları müzakirə edilib. Panel iştirakçıları təmsil etdikləri xəbər agentliklərində bu istiqamətdə görülən işlərdən danışıblar. Bildirilib ki, oxucuların doğru xəbərlərə ehtiyacları olduğundan, jurnalistlər işlərinə məsuliyyətlə yanaşmalı, yanlış xəbər yaymamalı, informasiya agentlikləri arasında isə güclü əlaqələr qurulmalıdır. Diqqətə çatdırılıb ki, xəbər agentlikləri dəqiqlik, obyektivlik və etibarlılıqla uğur əldə edə bilərlər. Yalnız bu yolla feyk informasiyalara qarşı birgə mübarizə aparmaq olar.

Vurğulanıb ki, feyk xəbərlərə qarşı mübarizə elə sosial şəbəkələrdən başlamalı, orada yerləşdirilən informasiyalar yayılmamışdan əvvəl mütləq diqqətlə yoxlanılmalıdır. Söhbət təkcə yazılı xəbərlərdən getmir, foto və video informasiyaların da doğruluğuna diqqət yetirmək vacibdir.

Sonra tədbir Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanınmoderatorluğu ilə “Süni intellekt” mövzusunda panel iclasla davam edib.

Çinin Sinxua agentliyinin Avropa üzrə regional bürosunun baş direktoru Yong Huang xəbər proqramları üçün istifadə etdikləri virtual aparıcılardan danışıb, təqdimatla çıxış edib. Bildirib ki, süni intellektlə yaradılmış bu aparıcılardan agentlik tərəfindən artıq 6 aydır istifadə olunur. Ötən 6 ay ərzində həmin aparıcılar 5100 xəbəri səsləndiriblər.

Digər çıxış edənlər yüksək texnologiyalardan, süni intellektdən istifadə sahəsində qazandıqları uğurlardan bəhs ediblər. Qeyd olunub ki, müasir dövrdə yüksək texnologiyalardan istifadə xəbər agentliklərinin işini xeyli yüngülləşdirməyə imkan yaradır.

Sonra Dünya Xəbər Agentliklərinin VI Konqresinin yekun müzakirələr aparılıb.

Klayv Marşal AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova 2016-2019-cu illərdə Konqresə prezidentliyi dövründə gördüyü işlərə görə dərin minnətdarlığını bildirib. O qeyd edib ki, bu illər ərzində Konqresin nüfuzunun artırılması istiqamətində ciddi addımlar atılıb.

Bununla da Dünya Xəbər Agentliklərinin VI Konqresi işini başa çatdırıb.

X X X

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Sofiya Konqresi çərçivəsində İtaliyanın ANSA, Koreya Respublikasının Yonhap, Albaniyanın ATA, İsrailin Tazpet, Monqolustanın Montsame, İndoneziyanın Antara, Səudiyyə Ərəbistanın SPA, Qətərin QNA, Pakistanın PPİ agentliklərinin, habelə “Latın Amerikası Xəbər Agentliyi”nin rəhbərləri, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi ilə görüşlər keçirib. Görüşlərdə agentliklər arasında əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

X X X

Xatırladaq ki, VI Konqresdə dünyanın 100-ə yaxın ölkəsindən 200-dək aparıcı xəbər agentliyinin rəhbərləri və nümayəndələri, media üzrə beynəlxalq ekspertlər, həmçinin nüfuzlu media qurumlarının təmsilçiləri iştirak ediblər.

Dünya Xəbər Agentliklərinin I Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə 2004-cü il sentyabrın 24-25-də Moskvada, V Konqresi isə 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilib. AZƏRTAC 2016-2019-cu illərdə Konqresə sədrlik edib. Növbəti üç il ərzində Konqresə Bolqarıstanın BTA agentliyi sədrlik edəcək.

ƏvvəlkiƏbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb
NövbətiMəzun gecəsində ATIŞMA – 1 ölü, 7 yaralı