Dünya liderləri İlham Əliyevi təbrik edir

Qabon Respublikasının Prezidenti Əli Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 may – Respublika günü münasibətilə təbrik ünvanlayıb.

Türk.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – 28 May – Respublika Günü münasibətilə Sizi Qabon xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Qabon Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğumu bildirmək istərdim.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişafı, xalqlarımızın maraqları naminə Sizinlə birgə işləmək arzumu bir daha ifadə etməkdən məmnunam.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram”.

***

Livan Respublikasının Prezidenti General Mişel Aun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi Livan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə rifah arzulayıram”.

***

Hindistan prezidenti Ram Nat Kovind Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib. Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Azərbaycan prezidentini 28 May-Respublika Günü münasibəti ilə həmçinin Norveçin kralı V Harald, İsveçin kralı Karl Qustav və Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov təbrik ediblər”.

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Qardaşınız Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.

Bundan əlavə, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha böyük inkişaf və rifah arzu edirəm”.

***

Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Düz yüz il əvvəl Azərbaycan xalqı müsəlman Şərqində birinci olaraq demokratik inkişaf modelini seçmişdir. Müasir Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə qədim dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir və inkişaf edən ölkənin gələcək yüksəlişi yolunda inamlı addımlar atır.

Müstəqilliyinin bərpa edildiyi andan Azərbaycan ardıcıl və prinsipial xarici siyasət aparır. Şübhəsiz ki, bu, Bakının dünya arenasında beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə möhkəmlənməsinə yardım edir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiq etmək istərdim. Həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk.

Əminəm ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki məzmunla zənginləşdirilməsi bütün əsas sahələrdə əməkdaşlığın intensivləşdirilməsi məqsədilə hərtərəfli dialoqun qarşılıqlı olaraq dərinləşdirilməsini təsdiq edir.

Bu xoş fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Ukraynaya bir daha rəsmi səfərə dəvət edirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, tükənməz enerji, bütün plan və təşəbbüslərinizdə nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, birlik və əmin-amanlıq arzu edirəm.

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Türkmənistanda Azərbaycan Respublikası ilə hüquq bərabərliyi, qarşılıqlı səmərə, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, qardaş ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan ikitərəfli münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, şəxsi səadət və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq diləyirəm”.