Dövlət Komitəsində ilin birinci yarısının yekunları müzakirə olunub

İyulun 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Komitə sədri Bahar Muradova iclası giriş sözü ilə açaraq, Vətən müharibəsindən sonra Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərə diqqət çəkib. Bildirib ki, bu uğurlar cənab Prezident İlham Əliyevin tapşırığı və bilavasitə rəhbərliyi ilə əldə edilib. Bu gün uğurla aparılan sosial-iqtisadi siyasətin öz nəticələrini daha parlaq bir formada ortaya qoymaqda olduğu vurğulanıb.

Son aylarda Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi, siyasi və hərbi-siyasi layihələrdən bəhs edən B.Muradova bu uğurların postmüharibə dövründəki fəaliyyətimizin daha geniş sahələri əhatə etməsinə töhfə verdiyini vurğulayıb. Xüsusilə də, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında cənab Prezidentin Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının əhəmiyyətindən danışan Sədr, bunun işğaldan azad olunan ərazilərin inkişafı və buraya qayıdacaq insanların hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində atılacaq addımlara bir işarə olduğunu qeyd edib: “Biz fəaliyyətimizin hər bir sahəsində mövcud aspektləri nəzərdə tutmalı, regional fəaliyyətimizə yenidən baxmalı və bu regionlarda qurulacaq fəaliyyət istiqamətində bir sıra mühüm addımlar atmalıyıq”.

Həmçinin regionlarda yaşayan əhalinin sosial-iqtisadi inkişafını xüsusi vurğulayan B.Muradova Dövlət Komitəsi tərəfindən belə ailələrin, o cümlədən, qadınların iqtisadi fəaliyyətinin gücləndirilməsi layihələrinin həyata keçirildiyini əlavə edib.

Digər dövlət orqanları kimi Dövlət Komitəsinin də öz növbəsində COVİD-19 pandemiyasının qarşımıza qoyduğu yeni tələblərə uyğun olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, 2021-ci ilin birinci yarısı üçün təsdiq edilmiş Tədbirlər Planının bütün istiqamətləri üzrə geniş fəaliyyət göstərilib, müharibədən sonrakı dövrdə zərərçəkmiş ailələrlə, həssas qrupa daxil olan insanlarla iş aparılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və ya sağlamlığını itirmiş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, uşaqların sağlamlığının qorunması, eyni zamanda, qadın sahibkarlara hərtərəfli dövlət dəstəyinin verilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Həmçinin sahibkarlığın təşviq edilməsi üçün qeyri-hökumət təşkilatları ilə birlikdə artıq ənənə halını almış bir sıra layihələr həyata keçirilir.

O, qeyd edib ki, bu gün muxtar respublikada ailələrin maddi rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni iş yerləri açılır, ailə təsərrüfatları qurulur, istedadlı qadınların, həmçinin sağlamlıq imkanları məhdud qadınların əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur, aztəminatlı ailələr özünüməşğulluq proqramlarına cəlb olunurlar. Qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar dövlət təltiflərinə layiq görülür.

Muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təlim-tərbiyəsinə, təhsilinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edən Komitə sədri bildirib ki, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid ailələrindən olan uşaqların sosial müdafiəsinin güclənməsi ilə bağlı tədbirlər görülür. O, vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar.

Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva Dövlət Komitəsinin 2021-ci ilin birinci yarısında İş Planının icra vəziyyəti və 2021-ci ilin ikinci yarısı üçün İş Planı haqqında məlumatları diqqətə çatdırıb. Cari ildə həyata keçirilən layihələr və tədbirlər barədə məlumat verərkən, Komitənin icmadan, o cümlədən, həssas təbəqədən olan ailələri daha çox diqqətdə saxladığını nəzərə çatdırıb. Bu istiqamətdə həyata keçirilən layihələrdə “Postmüharibə dövründə ailələrə psixososial dəstək layihəsi” çərçivəsində görülən işlərdən danışaraq layihənin bu gün də uğurla davam etdirildiyini qeyd edib.

Hazırda Komitə tərəfindən məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin, qadınların hüquqlarının təmin edilməsi, o cümlədən, iqtisadi iştirakçılığının artırılması, uşaq liderliyinin inkişaf etdirilməsi, hüquqlarının müdafiəsi istiqamətində planda və gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakçılığının artırılması ilə bağlı ehtiyaclarının, maraqlarının təmin edilməsi istiqamətində Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin gücləndirilməsi məsələsinə diqqət çəkib. Qadın Resurs Mərkəzlərinin fəaliyyətindən bəhs edən sədr müavini onların fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Komitənin bu ilin 6 ayı ərzində daha çox postmüharibə dövründə icma dəstəkli layihələri diqqətdə saxladığını vurğulayaraq, Resurs Mərkəzlərinin də bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacib olduğunu bildirib.

Daha sonra çıxış edən sədr müavini Aynur Sofiyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün Tədbirlər planının icrası haqqında geniş məlumat verib. O, həyata keçirilən və cari il ərzində nəzərdə tutulan layihələr barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sədr müavini qeyd edib ki, 15 bənddən ibarət olan Tədbirlər Planının 7 bəndində Dövlət Komitəsi birbaşa iştirak edir, 1 bəndində isə işçi qrupunda nümayəndənin iştirakı nəzərdə tutulub.

Gündəlikdə duran cari məsələ kimi “2021-2023-cü illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası” ilə bağlı çıxış edən İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, dövlət idarəetmə sistemində aparılan hərtərəfli və davamlı islahatlar, kommunikasiya vasitələrindən istifadə imkanlarının daha da genişləndirilməsi, innovativ informasiya-kommunikasiya texnologiyalarının tətbiqi hər bir qurumda vahid kommunikasiya strategiyasının formalaşmasını və həyata keçirilməsini, eləcə də, media və vətəndaş cəmiyyəti institutları ilə çevik əlaqələrin qurulmasını zəruri edir.

İclasda cari ilin yanvar-iyun ayı ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Bahar Muradova yekun nitqi ilə çıxış edərək, Komitənin gələcək fəaliyyəti ilə bağlı tapşırıqları diqqətə çatdırıb.

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.

Qeyd edək ki, onlayn iclasda Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin və Qadın Resurs Mərkəzlərinin nümayəndələri də iştirak edib.

ƏvvəlkiAzərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi Şuşa şəhərinə səfər edib
NövbətiBu il ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək