Dövlət İmtahan Mərkəzi yeni “video-dərs” sosial layihəsinə start verir

Məlum olduğu kimi, şagird, abituriyent və müəllimlərə kömək məqsədilə müxtəlif tədris-metodiki vəsaitlərin hazırlanması Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin mühüm istiqamətlərindəndir. Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalları vasitəsilə rəsmi və informativ materiallar, fənlər və siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabçaları, test topluları, elektron test vəsaitləri, peşəyönümü xarakterli vəsaitlər, elmi-statistik təhlillər və s. materiallar ictimaiyyətin istifadəsinə verilir.

Görülən işlərin davamı olaraq Mərkəz tərəfindən sosial yönümlü yeni bir layihəyə start verilmişdir. Belə ki, artıq fənlər və V-VII sinifdən başlayaraq dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə “video-dərs” formasında təqdim olunacaqdır.

Məlumdur ki, təlim prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə müstəqil şəkildə öz üzərində çalışmaq üçün vərdiş və bacarıqları formalaşdırmaqdır. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi yeni “video-dərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq. Həmçinin valideynlər də övladlarının təlim prosesinə nəzarət və onlara kömək etmək üçün bu dərslərdən istifadə edə bilərlər. Bundan əlavə, belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb təqdim olunması əvvəlki illərin məzunlarının da qəbul imtahanlarına səmərəli hazırlaşmalarına imkan yaradacaq.

Layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V-VII siniflərdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “video-dərs” formasında hazırlanacaqdır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunacaq. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığ­camlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə et­məyə imkan verəcək.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri vardır. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

Dərsliklərdəki materialların vizuallaşdırılması təkcə nəzərdə tutulan bilik və bacarıqların formalaşdırılmasına deyil, ümumilikdə fənnə maraq oyatmağa da yardımçı ola bilər. Video-çarxlarda mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və beləliklə motivasiya yaradılır.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdiriləcəkdir. Artıq ingilis dili fənni üzrə VVIVII sinfə aid materiallar əsasında “video-dərs”lər kanalımıza yerləşdirilimişdir. Fizika fənni üzrə materialların hazırlanması da yekun mərhələdədir. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.

“Video-dərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.

Ümidvarıq ki, video-dərslər həm şagirdlər,abituriyentlər, həm valideynlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır. Şagird və abituriyentlər bundan istifadə etməklə öz biliklərini təkmilləşdirə, mövzunu daha dərindən mənimsəyə biləcəklər.

Yuxarıda sadalanan müsbət cəhətlərinə baxmayaraq, yeni proqram əsasında ilk dəfə hazırlanan bu “video-dərs”ləri tam mükəmməl hesab etmək olmaz. Sözsüz ki, dərslər zaman-zaman daha da təkmilləşdirilməli, forma və məzmunca mükəmməl səviyyəyə gətirilməlidir. Dərslərin sonrakı təkmilləşmə prosesində isə rəylər, qeyd və təkliflər son dərəcə vacib rol oynaya bilər.

DİM bu işdə maraqlı hər kəsi ümumi işimiz naminə video materialların təkmilləşməsinə yönəlmiş qeyd, təklif və arzularını bildirməyə dəvət edir. Bu qeyd və təkliflər minnətdarlıqla qəbul olunacaq və yeni dərslərin hazırlanması zamanı nəzərə alınacaq. İrad və təkliflərini info@dim.gov.az ünvanına göndərəcək hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

ƏvvəlkiMehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib
NövbətiAtəşkəs rejimi 22 dəfə pozulub