“Dorian” qasırğası zəifləməyə başlayıb

Atlantik okeanında formalaşan “Dorian” qasırğası zəifləyərək Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya enib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzinin məlumatında deyilir.

Hazırda qasırğanın daxilində küləyin maksimal sürəti saatda 195 kilometrə çatır. Təbii fəlakət yaxın zamanlarda zəifləsə də, növbəti bir neçə gün ərzində əvvəlki kimi təhlükəli olaraq qalacaq.

“Dorian” qasırğası səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub, sahilyani ərazilərdə təxliyə elan edilib.

Xatırladaq ki, qasırğa sentyabrın 1-də Baham adalarının şimal hissəsinə çatıb. Təbii fəlakət nəticəsində az beş nəfər həlak olub, Abako adasının infrastrukturuna ciddi zərər dəyib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ilkin məlumatına görə, Baham adalarında ümumilikdə 13 min tikili dağılıb və ya zədələnib.

ƏvvəlkiGürcüstanın yeni baş naziri məlum olub
NövbətiGürcüstan parlamentinin qarşısında etiraz aksiyası başlayıb