“Dağlıq Qarabağ münaqişəsi Azərbaycan–Türkiyə münasibətlərində” kitabı çapdan çıxıb

Tarix üzrə fəlsəfə doktoru Akif Mariflinin “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan–Türkiyə münasibətlərində (1980-ci illərin sonları – 2000-ci illərin əvvəlləri)” adlı monoqrafiyası “Elm” Nəşriyyatında işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin geosiyasi kökləri, səbəbləri və əsl mahiyyəti araşdırılıb.

Tədqiqat əsərində, həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanmasının xronologiyası verilib, münaqişə Azərbaycan-Türkiyə münasibətləri kontekstində təhlil olunub, bu məsələnin Türkiyənin xarici siyasətində tutduğu yer, qardaş ölkənin bu istiqamətdə apardığı siyasət tədqiq edilib. Münaqişənin Türkiyə-Ermənistan əlaqələrinə təsiri və Türkiyədə bu istiqamətdə ictimai rəyin formalaşmasının siyasi analizi verilib, qardaş ölkənin kütləvi informasiya vasitələrinin məsələyə münasibəti araşdırılıb. Kitabda Azərbaycan-Türkiyə əlaqələrinin dil, din, hərbi, iqtisadi, mədəni baxımdan yaxınlığı önə çəkilib, bunun fonunda Türkiyə-Ermənistan əlaqələrinin bugünkü vəziyyəti xarakterizə edilib.

Əsərdə, həmçinin Türkiyə Böyük Millət Məclisinin məsələyə münasibəti qurumun arxiv materialları əsasında araşdırılıb, rəsmi Ankaranın mövqeyi təhlil olunub.

Kitabın elmi redaktoru Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovdur.