Çində 5-ci Tibet turizm və mədəniyyət sərgisi işə başlayıb

Çinin Tibet Muxtar Rayonunun paytaxtı Lasa şəhərində 5-ci Tibet turizm və mədəniyyət sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, yerli və xarici 600-dən çox iş adamının qatıldığı sərgi Tibetin (Çincə: Sican) özünəməxsus mədəni zənginliyini və turizm potensialını tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır. Tibet Muxtar Rayonu xalq hökumətinin, Çinin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən üçgünlük sərgi çərçivəsində müxtəlif forumlar, konfranslar, təqdimatlar təşkil olunur.

Açılış mərasimində çıxış edən Tibet Muxtar Rayonu xalq hökumətinin sədri Yan Cinhay, mədəniyyət və turizm naziri Hu Hepin Çinin cənub-qərb qapısı olan Tibetin tarixi və mədəni zənginliyinin, sosial-iqtisadi nailiyyətlərinin, ekoloji mühitinin nümayişi baxımından sərginin əhəmiyyətini vurğulayıblar.

Sərgidə 19 kateqoriya üzrə məhsullar və xidmətlər, habelə Tibetin mədəni irsini, turizm potensialını, sosial-iqtisadi inkişafını əks etdirən fotolar, kitablar, audio və videomateriallar nümayiş olunur.

Sərgi çərçivəsində müxtəlif sektorları əhatə edən və ümumi dəyəri 7,44 milyard ABŞ dolları olan 60 layihə üzrə sövdələşmə əldə edilib.

Qeyd edək ki, Çinin ərazisinə görə 2-ci böyük bölgəsi olan Tibet Muxtar Rayonu dəniz səviyyəsindən orta hesabla 4 min metr yüksəklikdə yerləşir. “Dünyanın tavanı”, “Dünyanın 3-cü qütbü” adlandırılan Tibet zəngin mədəni irsə, əsrarəngiz coğrafiyası ilə cəlbedici turizm potensialına malikdir. Turizm sektoru Tibetin iqtisadiyyatında önəmli rol oynayır. Ötən il Tibeti 30 milyon turist ziyarət edib ki, bu sektor üzrə ümumi dövriyyə 6 milyard ABŞ dollarına yaxın olub.

Mərkəzi və yerli hökumətin həyata keçirdiyi layihələr və islahatlar çərçivəsində son illər Tibetdə sosial-iqtisadi inkişafında əhəmiyyətli nailiyyətlər əldə olunub, əhalinin rifahı yaxşılaşıb. Ötən il bölgənin ümumi daxili məhsulu (ÜDM) 213 milyard yuana (təxminən 30 milyard dollar), ÜDM-in əhalinin hər nəfərinə düşən payı şəhər yerlərində 6 min 850 dollara, kəndlərdə isə 2 min 550 dollara çatıb.

Çinin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya İdarəsinin təşkilatçılığı ilə Çində akkreditə olunmuş 15 xarici media qurumunun nümayəndəsi, o cümlədən AZƏRTAC-ın xüsusi müxbiri sərgini işıqlandırmaq üçün Tibetə dəvət olunub.

ƏvvəlkiŞamaxıda Hava Şarları Festivalı başlayıb
NövbətiDYP hava ilə bağlı sürücülərə xəbərdarlıq edib